Təala insanı məxluqların ən alisi olaraq xəlq etmiş və onu Yer üzündə öz canişini elan etmişdir. “Və(yadına sal) o zaman(ı) ki, Rəbbin mələklərə dedi: «Həqiqətən Mən yer üzündə bir canişin (Allahın oradakı nümayəndəsi, ya da oranın nəsli kəsilmiş qədim sakinlərinin canişini) qoyacağam»”. (“Bəqərə” 30).
Bu ayədə məqsəd o insandır ki, İlahi ubudiyyət yolunda addımlayar və bütün hədəfi İlahi qürb məqamına çatmaq üçün olar. Bu insan həqiqi insan olmaq adını qazanar və Yer üzündə Allahın xəlifəsi olar. (Tebyan)
İnsan behişt üçün yaradılmışdır. Məsumlarımız (ə) buyurur ki, insan gərək özünü behiştdən ucuzuna satmasın. Bəs nə edək ki, cəhənnəm atəşindən azad olaq?
Bəzi fəzilətli əməllər vardır ki, onları yerinə yetirərək özümüzü cəhənnəm atəşindən qoruya bilərik.
1. Təvqa və dindarlıq. İnsanın taleyinə birbaşa təsir qoyan əməllərdən biri – təqvadır. İmam Əli (ə) Peyğəmbərə (s) sual verir ki, Ramazan ayının ən üstün əməli nədir? Həzrət (s) buyurur: “Ey Əbul Həsən! Bu ayda ən üstün əməl – Allahın haramlarından çəkinməkdir”. “İman gətirib yaxşı işlər görən şəxslərə müjdə ver ki, onlar üçün (evlərinin və ağaclarının) altından çaylar axan cənnətlər (və ya bağlar) vardır”. (“Bəqərə” 25).
2. Yoxsullara və yetimlərə yaxşılıq etmək və əllərindən tutmaq. Bu əməl İlahi rəhmət və kərəmi cəlb edən əməllərdəndir. İnsan yoxsullara və yetimlərə yaxşılıq edərək, cəmiyyətin məhrum olmuş təbəqəsinə dəstək olmuş olar. Peyğəmbərimiz (s) “Şəbaniyyə” xütbəsində müsəlmanları bu əmələ dəvət edir və buyurur: “İnsanların yetimlərinə məhəbbət edin ki, sizin yetimlərinizə məhəbbət etsinlər”. Mömin o kəsdir ki, özünün ehtiyacı olmasına baxmayaraq, malından yoxsula və yetimə pay verər və onları doyuzdurar. Bu insan cəhənnəm atəşindən uzaq olar. “Və onlar yeməklərini, özləri(nin ehtiyacı olub çox) istədikləri halda Allaha olan məhəbbət üzündən fəqirə, yetimə və əsirə verərlər”. (“İnsan” 8). Necə ki, Məsumlarımız (ə) bu əməli yerinə yetirirdilər.
3. Tövbə və istiğfar. Bizi cəhənnəmdən uzaqlaşdıra bilən əməllərdən biri də tövbə və istiğfardır. Allah Quranda buyurur: “Və dedim ki; «Öz Rəbbinizdən bağışlanmaq diləyin. Çünki O, çox bağışlayandır». «Göydən (buluddan) sizə bol yağış göndərsin». «Və sizə mal-dövlət və oğullar (əta etməklə) yardım etsin, sizin üçün bağlar yaratsın və sizin üçün çaylar axıtsın»”. (“Nuh” 10-12). Həzrət Peyğəmbər (s) buyurur: “Ey insanlar! Həqiqətən sizin canlarınız əməllərinizin girovundadır. Ona görə də istiğfar edərək (onları) azad edin. Belləriniz günahlarınızdan ağırlaşmışdır. Ona görə də səcdələrinizi uzadaraq onu yüngülləşdirin. Bilin ki, Allah Öz izzətinə and vermişdir ki, namaz qılanlara və səcdə edənlərə əzab verməyəcəkdir. Onları Qiyamət günü cəhənnəm atəşi ilə qorxutmayacaqdır”.
4. Allaha dua etmək. Allah Təala duanın əhəmiyyəti barəsində buyurur: “(Müşriklərə) de: «Əgər mənim Rəbbim (ümumi mərhəmətin və bəhanəyə yer qoymamaq üçün dəlil-sübutun tamamlanmasının tələbinə əsasən) sizi (tovhid və imana) dəvət etmək istəməsəydi, sizə əhəmiyyət verməzdi”. (”Furqan” 77). Yəni dualarınız olmasaydı Allah sizə əhəmiyyət verməzdi. Peyğəmbər (s) buyurur: “Əllərinizi namaz vaxtı dua üçün yuxarı qaldırın ki, o zaman – ən yaxşı saatlardır. Allah bu saatda bəndələrinə rəhmətlə nəzər salar. Nə zaman Onunla münacat etsəniz, sizə cavab verər. Nə zaman Ona xitab etsəniz “Ləbbeyk!” deyər. Nə zaman Onu çağırsanız, yerinə yetirər”.
Dua – möminin silahıdır. Dua vasitəsilə mömin özünü hər bir bəladan qoruyar və cəhənnəm atəşindən azad edər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
source : abna24