Azəri
Tuesday 23rd of April 2024
0
نفر 0

"NƏHCÜL –BƏLAĞƏ"

"NƏHCÜL –BƏLAĞƏ"

İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları
NƏHCÜL-BƏLAĞƏ
İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları

Toplayan:

Seyyid Rəzi

51-ci xütbə

Siffeyn döyüşündə Müaviyənin qoşunu o böyük şəxsiyyətin səhabələrindən önə keçdiyi və Fərata çıxış yolunu bağladığı, ondan su götürmələrini qadağan etdiyi vaxt İmam Əli əleyhis-salamın buyurduğu kəlamlarındandır.

Müaviyənin qoşunu (Fəratın mənsəbini tutmaq və sizi ordan su götürməyə qoymamaqla) sizlərlə döyüşmək istəyir. Belə olduqda siz ya zəlillik və rəzilliyi boynunuza alaraq şücaət və şərəfinizi əldən verməli (acizlik və gücsüzlüyünüzü bildirməli, susuzluqdan əlacsız qalaraq, özünüzü düşmənə təslim etməlisiniz), yaxud da sudan doymanız üçün qılınclarınızı (onların) qanı ilə doydurmalısınız. Deməli, əgər məğlub olsanız (əsl) ölüm sizin həyatınızda, (düşmənə) qalib gəlsəniz (həqiqi) həyatınız ölümünüzdə olacaq (şərəfli və başıuca ölüm, rəzillik və zillət içində yaşamaqdan yaxşıdır). Agah olun ki, Müaviyə az sayda azğın və nadanı döyüşə gətirib[1]  və (Osmanın qanının alınmasını bəhanə edəcək) işin həqiqətini (hakimiyyət və rəhbərliyi əldə etmək üçün müharibə apardığını) onlardan gizlətmişdir ki, onlar öz boğazlarını ölümün (oxlarının) hədəfinə çevirsinlər. (Nadanlıqlarına və azğınlıqlarına görə ölümə hazırdırlar.)

52-ci xütbə

İmam Əli əleyhis-salamın (dünyanın vəfasızlığı və ona əhəmiyyət verməmək, camaatın axirətə təşviqi, savab, əməlin cəzası və Haqq-təalanın nemətlərinin böyüklüyü haqda) xütbələrindəndir.

(Bu xütbə daha öncə bir rəvayətin əsasında nəql olunmuşdur. Burada iki rəvayət arasında olan fərqə görə, başqa bir rəvayətə əsasən nəql edirəm.)

Agah olun, dünya faniliyə və məhvə doğru getməkdədir və (onda müşahidə olunan dəyişikliklərə görə) sonun yetişdiyini elan etmişdir. Onun (gənclik və sağlamlıq kimi) xoşluğu daimi qalmır və sürətlə (öz əhlindən) üz döndərir. Öz sakinlərini fənalığa və yoxluğa sürükləyir, qonşularını (qəbristanlığa tapşırmaq üçün) ölümə doğru qovur: (Cavanın qocalması və sağlamlığın xəstəliklə əvəz edilməsi kimi vasitələrlə) şirinliyi acıya çevrildi, saflığı qaraldı. (Onda hər an və sürətli dəyişikliklər baş verirsə, ondan faydalanmaq müvəqqətidirsə, dünyaya ürək bağlamaq lazım deyil.) Bu dünyadan (hər kəsin ömrü baxımından) kiçik müşkün dibində qalan az çöküntü tək çöküntüdən (bir neçə gün) və ya Məqlə qurtumu[2] qədər bir qurtumdan (az bir vaxtdan) başqa bir şey qalmayıb. (Ömürlərindən az bir müddət qalan, dünyaya) təşnə həmin çöküntünü və ya Məqlə qurtumunu sorsa, (dünyaya ürək bağlayıb, axirətə göz yumsa) susuzluğu yatmaz (nəzərdə tutduğu faydanı götürə bilməz). Ey Allah bəndələri, (dünya sizinlə belə rəftar etdiyi halda) sakinlərinə zaval və yoxluq labüd olan bu saraydan köçməyə hazırlaşın. Arzu sizləri üstələməsin, orada yaşadığınız müddət nəzərinizdə uzun görünməsin (yersiz arzulara arxalanmayın və sizi qəflətən haqlayan ölümdən qafil olmayın). Allaha and olsun, əgər balası ölmüş dəvə kimi nalə çəksəniz, göyərçin kimi ötsəniz, dünyanı tərk edən rahib tək fəryad çəkərək zarısanız və Onun yanında məqam və mövqe baxımından yaxınlaşmaq üçün, yaxud yazılmış və Onun mələklərinin qeydə aldığı günahın bağışlanması üçün Allah yolunda malınızdan, övladlarınızdan keçsəniz, mənim, böyük Allah tərəfindən sizə veriləcəyinə ümidvar olduğum savabın müqabilində həqiqətən azdır. (Eyni zamanda) bunlar mənim sizlər üçün qorxduğum Onun əzabının müqabilində də azdır.[3] Allaha and olsun! Əgər Haqq-təalaya şövqdən və ya onun qorxusundan ürəkləriniz közərsə, yaxud gözlərinizdən qan axsa və dünya durduqca bu minvalla yaşasanız belə, sizin əməlləriniz və cidd-cəhdli səyləriniz Allahın sizə əta etdiyi böyük nemətlərə, sizləri imana yönəltməsinə bərabər olmaz.

Bu xütbənin bir hissəsi
Qurban bayramı və qurbanlıq heyvanın
xüsusiyyəti barədədir

Qurbanlıq heyvanın şərtlərindən biri budur ki, qulağı bütöv (kəsilmiş və deşilmiş olmasın), gözü sağlam olsun. Qulağında və gözündə eybi olmasa, qurban doğru və səhihdir. Buynuzu sınmış olsa (qurbanlığa yaramır, ayağı sınmış qoyun kimidir ki,) qurban kəsilən yerə gedəndə axsayar. (Ayağı və buynuzu sınmış qoyunu qurban kəsmək düzgün deyil. Seyyid Rəzi buyurur:) Mənsək (ibadət yeri mənasını versə də,) burada qurban kəsilən yer mənasında işlənmişdir.

53-cü xütbə

İmam Əli əleyhis-salamın (camaatın o böyük şəxsiyyətə) bey’əti barədə olan kəlamlarındandır.

(Osmanın öldürülməsindən) Sonra camaat mənim yanımda özlərini bir-birinə vurdular, sarbanın açıb buraxdığı, dizlərinin kəndiri açılmış susuz dəvələrin su içərkən yaratdıqları izdiham kimi (bey’ət etmək üçün) izdiham yaratdılar. (Mənə elə hücum çəkdilər ki,) elə bildim ya məni öldürmək istəyirlər, ya da bəziləri mənim hüzurumda digərlərini qətlə yetirmək niyyətindədirlər (beləliklə, onların bey’ətlərini qəbul etdim, bun dan sonra Təlhə və Zübeyr kimiləri əhd-peymanını pozdular). Mən bu işin zahir və batinini o qədər ələk-vələk etdim ki, (bu barədə düşünməkdən) yuxum çəkildi. Onlarla (əhd-peymanı pozanlarla) vuruşmaqdan, ya da Məhəmmədin (səlləllahu əleyhi və alih) gətirdiyini inkar etməkdən başqa çarəm qalmadı.[4] (Allahın Rəsulunun əhkamını inkar etmək ilahi əzaba səbəb olduğundan) beləliklə, mənim üçün müharibəyə əlac etmək ilahi əzaba əlac etməkdən daha asan idi, dünya ölümləri (məşəqqət və çətinlikləri) mənə qiyamət ölümlərindən (əzablarından) daha asandır.

54-cü xütbə

İmam Əli əleyhis-salamın Siffeyndə səhabələrinin onun (Şam əhalisi ilə) müharibəni gecikdirdiyini və yubatdığını güman etdmkləri vaxt buyurduğu kəlamlarındandır:[5]

Amma sizin sözünüz: bu qədər düşünmək və gecikdirmək ölmək və öldürülmək qorxusuna görədirmi? And olsun Allaha, ölümə doğru getməkdən (döyüş meydanında öldürülməkdən), ya da ölümün məni qəfil yaxalamasından heç bir qorxum yoxdur.

Amma sizin Şam əhli ilə (döyüşün vacibliyinə) şəkk və tərəddüd barəsində olan sözünüzə gəldikdə isə, Allaha and olsun, (onlardan) bir dəstəsinin mənə birləşərək hidayət olmalarını (azğınlıqdan əl çəkərək doğru yola gəlmələrini), yolumun aydınlığını öz zəif gözləri ilə görmələrini istəməsəydim döyüşü bir gün belə təxirə salmazdım.

Azğınları öldürməkdənsə döyüş barəsində düşünməyi və təxiri daha çox sevirəm. Hərçənd ki, (onlar azğınlıqdan əl çəkməyib son nəticədə öldürüləcəklər və qiyamətdə İmama qarşı çıxdıqlarına və o Həzrətin düşmənlərinə itaət etdiklərinə görə) günahları ilə qayıdacaqlar (məşəqqətdə olacaqlar).  

55-ci xütbə

İmam Əli əleyhis-salamın kəlamlarındandır. (Özünün və Həzrət Peyğəmbərin digər səhabələrinin müqəddəs İslam dininə kömək üçün aparılan müharbələrdəki fədakarlığını və dönməzliyini bəyan edərək öz səhabələrini Allah yolunda cihada və düşmənlərlə müharibəyə həvəsləndirir və onların bu işdə süstlüyünü pisləyir.)

Biz Allahın peyğəmbəri (səlləllahu əleyhi və alih) ilə olduğumuz vaxt (İslam dininə kömək üçün) öz atalarımızı, övladlarımızı, qardaş və əmilərimizi (döyüşlərdə) öldürürdük. Belə rəftar iman və etiqadımızı çoxaldırdı, itaət yolunu tuturduq və doğru yolda dönməzliyimiz çoxalırdı. Ağrıların yanğısına dözümümüz və düşmənlə cihad yolunda səylərimiz daha da artırdı. (Peyğəmbər dövrünün müharibələrində döyüş üslubu belə idi ki,) bizlərdən biri düşmənlərdən biri ilə bir-birinə hücum edirdi və onlardan biri başqasına ölüm camı ilə doydurana qədər iki erkək heyvan bir-birinin canına düşən kimi bir-birinin üstünə düşürdülər (bir-birini öldürmək qəsdində olurdular). Bəzən biz düşmənə zəfər çalır, bəzən də düşmən bizə qalib gəlirdi. Allah bizim doğruluğumuzu gördüyündən (İslam yolunda hər şeydən keçməyi göstərdik) dəvənin istirahət vaxtı sinə və boynunu yerə qoyduğu tək, İslam möhkəmlənənə (din nizamlanana), öz yerlərində yayılana qədər düşmənlərimizi xar, qələbəni isə bizə nəsib etdi. (İslam düşmənin iztirab və narahatlığından xilas oldu, onun həqiqətləri dünyanın hər yanına yayıldı.) Öz canıma and olsun, əgər (İslam dininə köməkdə) rəftarımız sizin kimi olsaydı, (düşmənlə döyüşdə sizlər tək süstlük və səhlənkarlıq etsəydik) dinin bünövrəsi qoyulmazdı (Allaha iman olmazdı) və iman ağacının budağı göyərməzdi (İslamın qanunları yayılmazdı). And olsun Allaha! Bu (bəyənilməyən) rəftarınıza görə (döyüşdə səhlənkarlığınıza görə, dünyanın dəvəsindən süd əvəzinə) qan sağacaqsınız və ondan sonra (düşmən sizə hakim kəsildikdə) peşman olacaqsınız.

56-cı xütbə

İmam Əli əleyhis-salamın öz səhabələrinə buyurduğu kəlamlardandır. (O böyük şəxsiyyətdən sonra Kufə əhlinin başına gələcək bəlalardan onları xəbərbar edir və o zaman necə rəftar etmələri barədə göstəriş verir.)

Agah olun ki, məndən az sonra iri hulqumlu və yekə qarınlı bir kişi (Müaviyə ibn Əbu-Süfyan) sizə qalib gələcək, tapdığı hər bir şeyi yeyəcək, tapmadığını istəyəcək.[6] Belə isə (gücünüz və imkanınız olsa) onu öldürün, hərçənd ki, onu heç vaxt öldürməyəcəksiniz (onu öldürmək gücündə deyilsiniz). Agah olun, həmin kişi tezliklə sizləri məni söyməyə məcbur etsə, söyün məni. Çünki mənə söyməyiniz məqamımın yüksəlməsinə, sizin isə nicatınıza və (onun şərrindən) xilasınıza səbəb olacaq. Üz döndərməyə gəldikdə isə, məndən sonra məndən üz döndərməyin (batində məni sevin). Çünki mən fitrətən müsəlman doğulmuşam.[7] İmanda və (Allahın Peyğəmbərinə yardım və onun zəfəri üçün vətənimdən) hicrətdə öndə olmuşam.[8]

57-ci xütbə

İmam Əli əleyhis-salamın Nəhrəvan xəvaricinə buyurduğu kəlamlarındandır:[9]

Üzünüzə çınqılları tərpədən küləklər əssin (İlahi əzaba tuş gəlin), sizlərdən xurma ağacını buduyan (ya söz danışan, yaxud tərpənən) bir nəfər belə qalmasın. (Xülasə, nəsliniz kəsilsin) Allaha iman gətirdikdən, Həzrət Peyğəmbərlə (səlləllahu əleyhi və alih) birlikdə (döyüşlərdə) cihaddan sonra öz küfrümə, səhvimə şəhadət verim? Belə olan surətdə (öz səhvimi etiraf etməklə) yolumu azaraq, doğru yoldan kənara addım atmış olaram. Qədəm qoyduğunuz ən pis yoldan dönün. (Bu batil yolunuzdan geri dönərək bir daha bu çirkin sözləri dilinizə almayın) və öz ayağınızın yerinə qayıdın (tərk etdiyiniz yola qayıdın və haqqa itaət edin). Bilin ki, məndən az sonra böyük rəzillik və zillətlə üzləşəcək, doğrayan qılınca tuş gələcəksiniz. Mallarınızı zülmkarlar alaraq, özlərinə çıxacaq, bu işi sizlər arasında öz adətlərinə çevirəcəklər.[10] (Seyyid Rəzi buyurur:)

Həzrətin buyurduğu وَلا بَقِىَ مِنْكُمْ آبِرٌ sözünü üç cür izah edirlər: Birinci, qeyd etdiyimiz kimi, آبِرٌ ra hərfi ilə ərəb sözü olub xurma ağacını budayana رَجُلٌ آبِرٌ deyilir. İkinci ehtimala görə آثِرٌ üç nöqtəli sə hərfi ilə-hədis deyən və ya söz danışan şəxs nəzərdə tutulur. Fikrimcə, bu daha düzgün ehtimaldır. Sanki Həzrət «sizlərdən danışan kimsə qalmasın» deyə buyurmuşdur. Üçüncüsü, آبِزٌ nöqtəli za hərfi ilə-sıçrayan mənasındadır. آبِزٌ həm də هالِكُ yəni, məhv olmuş mənasında da işlədilir.

58-ci xütbə

İmam Əli əleyhis-salamın Xəvariclə müharibə etmək qərarına gəldiyi və onların Nəhrəvan körpüsündən keçməsi o Həzrətə deyildiyi vaxt buyurmuşdur:

Onların qətlgahları (öldürüldükləri yer) suyun (Nəhrəvanın) bu tərəfidir. Allaha and olsun, onlardan on nəfəri belə (ölməkdən) xilas olmayacaq, sizlərdən onca nəfər də həlak olmayacaqdır.[11] (Seyyid Rəzi buyurur:)

Həzrətin نُطْفَة (saf su) sözündən məqsədi çay suyudur. Su çox həcmdə olsa belə, bu, su üçün ən fəsahətili ifadədir. Bundan öncə bu məna (Xəvariclə müharibə barədə olan qırx səkkizinci xütbənin sonlarında) qeyd olunmuşdur.

59-cu xütbə

Nəhrəvan xəvarici öldürüldükdə İmam Əliyə dedilər: Ya Əmirəl-möminin, onların hamısı öldürüldülər. Buyurdu:

And olsun Allaha, belə deyil. Onlar kişilərin bellərində, qadınların bətnlərində olan rüşeymlərdir.[12] Hər zaman onlardan bir budaq (bir baş) qalxacaq və sındırılacaqdır (tezliklə qətlə yetiriləcəkdir) beləliklə, onların sonuncuları da (əcdadları tək) oğrular (və), quldurlar olacaqlar.[13]

60-cı xütbə

İmam əleyhis-salam Xəvaric barəsində buyurub:

Məndən sonra Xəvarici öldürməyin çünki haqqı əldə etmək istəyib xəta edən (yolunu azan), batili diləyib onu əldə edənə bənzəməz (Seyyid Rəzi buyurur:)  

  مَنْ طَلَبَ الْباطِلَ فَأَدْرَكَهُyəni-batili istəyib onu əldə edənlər ifadəsinində Həzrətin nəzərdə tutduğu Müaviyə və tərəfdarlarıdır.[14]

[1] Müaviyənin qoşunu çox olsa da, onlar azsaylı dəstəyə bənzədilib. Onların müharibə elmini bilməmələrinə işarə olunur.

[2] Ərəblərin adətinə görə, susuz şəxslər səhrada az miqdarda su tapsaydılar xırda çınqılları bir qaba yığar, üstünə onun üzərini örtəcək həddə su tökərdilər. Sonra, onların hər biri susuzluğunu yatırmaq üçün lazım olan qədər həmin sudan içərdi. Beləliklə də, azacıq suyu da öz aralarında bölərdülər. Həmin daş çınqıllara «məqlə» deyilir.

[3] Mənim sizə əmr etdiyim Allaha ibadətin savab və mükafatı, onun istəyərkən yalvarıb, zarıdığınız ibadətinə mükafatından və dərgahına yaxınlıq vasitəsi kimi əl atdığınızdan daha artıqdır. Mənim sizləri çəkindirdiyim günahın cəzası, onun bağışlanması üçün ah-nalə etdiyiniz, yas tutduğunuz günahdan daha ağırdır. Xülasə, Allaha ibadət və bəndəliyin mükafatı, Ona itaətsizlik və günahın cəzası barədə mənim bildiyim, sizin qavrayışınızdan, idrakınızın hüdudlarından kənardır. Deməli, əmr etdiyimə çalışın və çəkindirdiyimdən gözünüzü çəkin.

[4] Yağılarla vuruşmaq İmama vacibdir, imkanı və qüdrəti olduğu halda vuruşmasa vacibi tərk etmiş olar və bu da İmam üçün Həzrəti Məhəmmədin əhkamını inkar etmək kimidir.

[5] Çünki Siffeyndə su Həzrətin əlinə keçdikdə, o, suyu Şam əhalisinin üzünə bağlamadı və bir neçə günlük müharibə dayandı. Buna görə də döyüşçülərdən Bəzisi dedilər: «Onun müharibə fərmanı verməkdə düşünməsi, ola bilər ki, ölmək və öldürülməkdən qorxduğu üçündür». Başqa bir hissəsi isə onun Şam əhalisi ilə vuruşmağın vacibliyinə şəkk və şübhəsi olduğu üçün belə etdiyini dedilər. Həzrət onların cavabında bunları buyurmuşdur.

[6] «Süfrəni yığışdırın, yorulsam da doymadım» deyənə qədər hər şeyi yeyir, ancaq yenə də doymurdu. Deyilənə görə, onun qarınqululuğu Həzrət Peyğəmbərin lənətləməsinə görə idi. Peyğəmbər Həzrətləri bir nəfəri onu çağırmaq üçün yanına göndərəndə Müaviyə yemək yeyirmiş. Həmin şəxs qayıdaraq onun yemək yediyini demişdir. Bir daha həmin adamı göndərəndə, Müaviyə yenə də yemək yeyirmiş. Bu zaman Həzrət buyurmuşdur: اللَّهُمَّ لا تَشْبَعْ بَطْنَهُ  Ey Allah, onun qarnını doydurma!

[7] Heç vaxt küfr və şirk yolunda olmamışam. Başqaları kimi kafir və bütpərəst olub, sonra İslama gəlməmişəm, əvvəlcədən İslamı seçmişəm.

[8] Peyğəmbərə iman gətirən və İslam dininin inkişafı üçün ona kömək edən ilk kişi mən olmuşam. Deməli, məndən bezmək Allahdan bezməkdir. Allahdan bezmək isə əbədi əzaba gətirib çıxarar.

[9] Siffeyn döyüşü bitdikdən, hakim təyin etmək müqaviləsi və əhdnamə yazıldıqdan sonra, xəvaric o böyük şəxsiyyətdən uzaqlaşaraq, hər tərəfdən لا حُكْمَ إِلاّ لِلّهِ (yəni, Allahdan başqa qeyrisindən hökm yoxdur) qışqırdılar və dedilər: أَلْحُكْمُ لِلّهِ يا عَلِىُّ لا لَكَ (yəni, hökm, fərman vermək sənə aid deyil, ya Əli, Allaha aiddir. Allahın Müaviyə və tərəfdarları barədə hökmü isə budur ki, onlar fərmanımıza tabe olmalıdırlar. Biz «hakim təyin etmək» məsələsinə razı olmaqla səhvə yol verdik, öz səhvimizi başa düşdükdə tövbə edərək Allaha tərəf qayıtdıq. Sən də bizim kimi səhvinə görə tövbə edərək geri dön. Bəziləri isə deyirlər ki, «hakim təyin etmək» məsələsinə razılaşmaqla kafir olmusan. İndi öz küfrünə şəhadət verdikdən sonra tövbə et ki, sənə itaət edək. Həzrət də cavab olaraq bunları buyurmuşdur.

 

[10] O böyük şəxsiyyətdən sonra, Məhləb ibn Əbu Sufər və başqa zülmkarlar tərəfindən törədilən qətl və qarətlərdən xəbər verilir.

[11] Həzrət xəvariclə döyüşmək üçün onları təqib etdiyi vaxt, səhabələrindən bir kişi xəvaricin Nəhrəvandan keçdiklərini ona dedi. Həzrət buyurdu: «Onların keçdiyini özün görmüsənmi?» Cavab verdi ki, bəli. Həzrət buyurdu: «Allaha and olsun, onlar keçmədilər və heç vaxt da keçməyəcəklər. Onların ölüm yeri çayın bu tərəfidir». Bundan sonra ata minərək getdilər. Çayın yaxınlığına çatdıqda xəvaricin hamısının qılınclarını qından çıxararaq öz atlarının ayaq damarlarını kəsib «لا حُكْمَ إلّا لِلّهِ» yəni, «hökm ancaq Allaha məxsusdur» qışqıraraq döyüşə hazırlaşdıqlarını gördülər. Onlar həmişə bu sözü öz şüarlarına çevirərək qalmaqal yaradırdılar. Sonra Həzrət müharibə əmrini verdi. Döyüş başa çatdıqdan sonra xəvaricdən doqquz nəfərin qaçaraq ölümdən canlarını qurtardığını və Həzrətin səhabələrindən yalnız səkkiz nəfərin öldüyünü bildilər.

[12] Onlardan doqquz nəfəri qaçıb, şəhərlərə dağılışıblar, onlardan övladlar dünyaya gələcək və yer üzündə fitnə-fəsad törədəcəklər.

[13] Qeyd olunduğu kimi o doqquz nəfər şəhərlərə dağlışdılar, hər biri bir məzhəb yaratdı; onu yayaraq yollarda oğurluq edirdilər.

[14] Həzrətin Xəvarici öldürməyə icazə verməməsinin səbəbi onların əsl məqsədlərnin haqqı əldə etmək olması idi; lakin onlar bu yolda xəta etmişdilər. Əlbəttə, Müaviyə və tərəfdarlarından fərqli olaraq belə şəxslər ölümə layiq deyillər. Əsl məqsədləri batil olan Müaviyə və tərəfdarları isə öldürülməlidir. Necə ki, əlli altıncı kəlamında buyurur: فَاقْتُلُوهُ – yəni, Müaviyəni öldürün. Amma onun Xəvarici öldürüb, özündən sonra isə onları öldürməyi qadağan etməsinin səbəbi onların Həzrətlə döyüşə birinci başlamaları,fitnə-fəsad qaldırıb camaatı öz bid’ətlərinə çağırmaları, Əmirəl-mömininin səhabələrindən olan Abdullah ibn Xəbbab kimi yaxşı insanları öldürmələri, onun hamilə arvadının qarnını yarmaları olmuşdu. Beləliklə, fitnə-fəsad törətmədikləri, nahaq qan axıt madıqları, müharibə etmədikləri halda onları öldürmək qadağandır.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Qurani-kərimi oxumağın qaydaları
MƏSUMLARIN NURLU KƏLAMLARINDAN-2
Peyğəmbərimizin (s) Quran barəsində nigaranlığı
İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları NƏHCÜL-BƏLAĞƏ
Rüşvətə bürünmüş \"ədalət\"
QUR᾽AN SURƏLƏRİNİN NAMAZDA OXUnMASI
Nəfsani istəklərdən ən rəzili – həsəd
IMAM ӘLIYYӘN-NӘQI ӘLEYHISSALAMIN ŞӘXSIYYӘTI
Quranın dünya görüşü
Qulun duası

 
user comment