Azəri
Wednesday 24th of April 2024
0
نفر 0

İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları NƏHCÜL-BƏLAĞƏ

İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları NƏHCÜL-BƏLAĞƏ



İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları

Toplayan:

Seyyid Rəzi
31-ci xütbə

 

İmam Əli əleyhis-salamın Cəməl müharibəsindən əvvəl, Zübeyrin itaət etməsi üçün Abdullah ibn Abbasi onun yanına göndərdiyi zaman buyurduğu kəlamlarındandır.

Əlbəttə, Təlhə ilə görüşmə, onunla görüşsən görərsən ki, o, buynuzunu əyib itiləmiş öküz kimidir.[1] İtaətsiz dəvəyə minib deyir: Bu, ram olan dəvədir (çətin işlərdən yapışıb nadanlıq və özbaşınalıq üzündən onları asan hesab edir). Lakin Zübeyrlə görüş, çünki o yumşaq təbiətlidir (gözəl əxlaqı və itaətkarlığı daha çoxdur). Ona de: Dayın oğlu (Zübeyrin anası Səfiyyə Əbu Talibin bacısı idi) deyir ki, sən məni Hicazda (Mədinədə) tanıdın (mənə bey’ət etdin), İraqda (Bəsrədə) inkar etdin (öz əhd-peymanını sındırıb, itaətdən çıxdın). Bəs nə oldu ki, sənə aşkar və aydın olandan üz döndərdin? (Nə baş verdi ki, öz əhd-peymanını pozub mənə qarşı çıxdın və mənimlə müharibəyə qalxdın. Seyyid Rəzi buyurur:)

Deyirəm: O Həzrət əleyhis-salam bu kəlməni « فَمَا عَدَا مِمَّا بَدَا» işlədən ilk şəxsdir.

 
32-ci xütbə

 

İmam Əli əleyhis-salamın (öz zəmanəsinin əhlindən şikayət etdiyi) xütbələrindəndir.

Ey camaat, (əhalisi) zülmkar və nemətə küfran edən, yaxşı əməl sahibinin pis sanıldığı və zalımın öz zülmünü artırdığı bir rüzigarda sabahı açdıq (qərar tapdıq). Bildiyimizdən bəhrələnmirik (bildiyimizə əməl etmirik), bilmədiyimizi də soruşmuruq və (nadanlıq və təkəbbürün təsirindən) bizə yetişənə qədər böyük bəladan qorxmuruq. Deməli, (bədbəxtliyə və çarəsizliyə mübtəla olana qədər öz işimizin sonunu düşünmürük. Bu zəmanədə) insanların dörd sinfi var: birinci qism insanları çarəsizlik, qılıncının kütlüyü və mal-dövlətinin azlığından başqa heç nə fitnə-fəsaddan çəkindirməz. İkinci qism qılıncını qınından sıyırıb öz şərini aşkar edərək, piyada və süvarilərini (qoşununu) toplayaraq, özünü fitnə-fəsada hazırlayıb və qənimət olaraq oğurladığı mala və ya (təkəbbür və böyüklüyünü izhar etmək üçün) ardınca gedən süvarilərə, yaxud da (xalqa öz rəhbərliyini göstərmək üçün) çıxmaq istədiyi minbərə görə dinini zay edəndir (əldən verəndir). Özünü və Allahın sənin üçün yaratdığı Cənnəti satıb, onun qiymətinə dünyanı almaq uğursuz ticarətdir. Üçüncü qismi axirət əməli ilə (özünü abid və bəndə kimi göstərməklə) dünyanı, dünya əməli (həqiqi zöhd, təqva və ibadət) ilə axirəti istəməyən, özünü vüqarlı və mətanətli göstərən (pərhizkarlar tək özünü təvazökar aparan) addımlarını bir-birinə yaxın atan (əziyyətsiz adamlar kimi yol gedəndə asta-asta addımlayan) və (ibadət və bəndəlik üçün) paltarının ətəklərini yığib tam sürətlə yol gedən, özünü mötəbər və əmin tanıtmaq üçün (camaat arasında zöhd və təqvayla) bəzənən, Allahın pərdəsini (din və şəriətin yolunu) günah vasitəsinə çevirəndir.[2] Dördüncü qism həqarətinə, alçaqlığına və hakimiyyətə çatmaq üçün vasitəyə malik olmadığına görə xanənişin olandır. Öz arzularına əli çatmadığından özünü qaldığı vəziyyətə qane olan kimi göstərər. Nə gecələr sakitləşən daxilində, nə də gündüzləri keçirdiyi zahirində (heç vaxt) qənaət və zöhd əhli olmadığı halda, özünü zöhd və təqva əhlinin libası ilə bəzəyər. Qalan bir neçə kişi də Qiyamət gününü xatırlatmaq onların gözlərini (dünyanın ləzzətinə) yummuşdur, o günün qorxusundan gözlərindən yaş axır. Bəziləri qovulmuş və hürküdülmüşdür[3] bir dəstəsi qorxaq və xar, bəziləri isə sakit və dilləri bağlı qalıblar (haqqı aşkar edə bilmirlər). Bəziləri də ixlas və doğruluqla (xalqı doğru yola) dəvət edir (və ya Allahı ixlasla çağırır, bağışlanmalarını diləyirdilər), başqa bir dəstə isə (zülmkarların sitəminin təsirindən) qəmgin və incikdir. Təqiyyə və (düşməndən) gizlənmək onları itirib-batırmış (belə ki, heç kəs onları tanımır), başdan başa zəlalət və xarlıq onları bürümüşdür. Deməli, onlar şor dənizdə batmışlar, ağızları bağlı, ürəkləri isə yaralıdır. Özləri incik düşənə qədər (çünki onların sözlərinə qulaq asmır, onları saymırdılar) camaata öyüd-nəsihət verdilər. Məğlubiyyətin təsirindən zəlil və xar olub öldürüldülər və beləliklə, azaldılar. (Əcdadlarınızla belə rəftar etmiş) dünya sizin nəzərinizdə (səhrada bitən və yarpağından dabbaqlıqda istifadə olunan) səlm ağacının yarpağının qurusundan, (qoyun və bu kimi heyvanların yununu qırxılmasından sonra) qırxımdan qalan tullantıdan da dəyərsiz olmalıdır. Gələcək nəsillər sizlərin halından ibrət almamış (köçüb gedən və əməllərinin cəzasına çatan) əcdadlarınızın halından ibrət alın (tənbeh olunun). Bu pislənmiş və bəyənilməyən dünyadan əl çəkin. Çünki dünya onu sizlərdən daha artıq sevənlərə vəfa etməmişdir. (Seyyid Rəzi buyurur:)

Deyirəm: Hansısa bir nadan bu xütbəni Müaviyənin adına çıxmışdır. Bu xütbənin Əmirəl-möminin əleyhis-salamın sözləri olmasına heç bir şübhə yoxdur. Qızıl torpaqla, şirin su şor su ilə necə bərabər ola bilər? Bu sözün doğruluğunu mahir yol göstərən və gözüaçıq bəsirətli birisi – Əmr ibn Bəhr Cahiz sübut etmiş və aydınlaşdırmışdır. O, bu xütbəni «بيان و تبيين» kitabında bəyan etmiş, onu Müaviyənin adına çıxanın da adını göstərdikdən sonra demişdir: «Bu xütbə Əli əleyhis-salamın sözlərinə daha çox bənzəyir. İnsanların bölgüsü, onların sifətlərinin təsnifatı, məğlubiyyət, zəlillik, təqiyyə və xof kimi vəziyyətlərinin təsviri o Həzrətin üslubuna daha layiqdir». (Elə həmin kitabda) qeyd edir: «Biz Müaviyənin öz sözlərində zahidlərin yolunu tutduğunu, Allahın bəndələri kimi rəftar etdiklərini harada görmüşük?».

 
33-cü xütbə

 

İmam Əli əleyhis-salamın Bəsrə camaatı ilə müharibəyə (Cəməl müharibəsinə) gedərkən buyurduğu xütbələrindəndir.

Abdullah ibn Abbas deyir: «Zi-Qar»da (Bəsrənin yaxınlığında bir yerdir) Əmirəl-möminin əleyhis-salam ayaqqabısının cırığını tikərkən onun yanına getdim. Mənə buyurdu ki, bu ayaqqabının qiyməti nə qədərdir? Ərz etdim ki, dəyəri yoxdur. Buyurdu: «Allaha and olsun, bu ayaqqabı sizlərə rəhbərlik və əmirlik etməkdən mənim üçün daha qiymətlidir. Lakin (mən əmirliyi və hakimiyyəti ona görə qəbul etdim ki,) haqqı sübut etməli, batili aradan götürməliyəm». Sonra Həzrət bayıra çıxaraq camaata bu xütbəni oxudu:

Eyb və nöqsan sifətlərdən uzaq olan Allah Həzrət Məhəmmədi (səlləllahu əleyhi və alih) aralarında bir nəfər kitab oxuyanın və peyğəmbərlik iddiası edənin olmadığı ərəblərin içinə göndərdi. (Onların arasında nə peyğəmbər, nə də kitab var idi.) Sonra o Həzrət, onlar öz məqamlarına çatana, rahatlığa yetişənə qədər yol göstərdi (çirkin söz və əməlləri qadağan etdi) və (onları) bədbəxtlikdən xilas etdi. Beləliklə, onların nizələri düzəldi (müstəqilliyə və həyatlarında nizam-intizama çatdılar) və onların titrəyən böyük daşı sakitləşdi (əmniyyətsizliyə görə çəkdikləri iztirab və narahatlıq aradan götürüldü). Agah olun, Allaha and olsun, mən elə insanların arasında idim ki, düşmənin bütün qoşunu arxa çevirib qaçana qədər onlar doğru yola və nicata sövq edirdilər. (İtaəti qəbul etməyib döyüşənlərlə müharibə etdim.) Mən (o vaxt) aciz qalmadım, qorxunu özümə yaxın buraxmadım. Mənim Bəsrə camaatı ilə müharibəyə getməyim Peyğəmbərlə xalqı doğru yola yönəltmək və nicat vermək üçün getdiyimiz vaxtlarda olduğu kimidir. (İndi də aciz deyiləm və qorxu mənə yaxın düşməz.) Haqqı onun içindən çıxarmaq üçün batili yaracam. (Mən haqqın üzə çıxması üçün öz əməlimin işığı ilə haqqı örtmüş batil zülmətini dağıdacağam.)

Mənim Qüreyşlə nə işim var? (Onların mənimlə düşmənçiliyinin səbəbi nədir?) Allaha and olsun, (onlarla müharibə etməkdən məqsədim budur ki,) kafir (müşrik və bütpərəst) olduqları vaxt onlarla döyüşdüm və haqqın yolundan dönərək fitnə-fəsad yolunu tutduqları indiki vaxtda da onlarla döyüşürəm. (Deməli, bu iki dövranda onlarla döyüşməyim küfr və azğınlığa görədir, yoxsa Qüreyşlə düşmənçiliyim yoxdur.) Mən dünən (Peyğəmbərin sağlığında müharibələrdə) onlara yol yoldaşı olduğum kimi (müqavimət göstərirdim) bu gün də onlarlayam.[4]

 
34-cü xütbə

 

İmam Əli əleyhis-salamın öz səhabələrinə Şam əhalisi ilə döyüşməyi əmr etdiyi vaxt buyurduğu xütbələrindəndir:[5]

Mən sizlərdən bezmişəm və narahatam. Sizi danlamaqdan əziyyət çəkirəm. Əbədi həyatın əvəzinə dünyanın müvəqqəti həyatından şadsınız? İzzət və başıucalığın yerinə rəzalət və alçaqlığa boyun əymisiniz? Sizləri düşmənlə müharibəyə çağıranda gözlərinizi döyürsünüz (həyəcanlanırsınız). Çətinliklə can verirmiş, huşsuzluqdan əziyyət çəkirmiş kimi mənimlə danışmaq üçün diliniz tutulur, qulaqlarınız bağlanır, sözlərimin müqabilində mat-məəttəl qalırsınız, elə bil ağlınızı itirib dəli olmusunuz (doğru yolu səhv yoldan, yaxşını pisdən, izzəti zillətdən seçə bilmirsiniz) və başa düşmürsünüz. Heç vaxt sizlərdən əmin olmadım və sizləri düz əməl sahibləri saymadım (sizə etimad etmədim və indi də inanmıram). Nə (düşməni dəf etmək üçün) meyl salınası ordu, nə də ehtiyac duyulası güclü dostlarsınız. Siz, bir tərəfdən yığdıqda, digər tərəfdən dağılan sarvansız dəvələr kimisiniz. Allaha and olsun, siz müharibə atəşini alovlandırmaq üçün pis camaatsınız. (Çünki) Sizə qarşı hiylə və məkr işlədirlər, siz isə hiylə işlətmirsiniz. Sizin şəhərləri tuturlar, siz isə qəzəblənmirsiniz (müdafiə olunmağı düşünmürsünüz). Düşmən yuxulamır, sizi isə qəflət yuxusu aparıb və unutqansınız. Allaha and olsun, (düşmənin irəliləməsinin qarşısını almaq üçün) bir-biri ilə yoldaşlıq etməyənlər məğlubdurlar. Allaha and olsun, güman edirəm ki, müharibə şiddətlənsə və ölüm, qətl atəşi alovlansa, sizlər baş bədəndən ayrılan kimi Əbu Talibin oğlundan (onun yanından) ayrılarsınız. (Belə xof və qorxaqlığınızla ikinci dəfə mənim ətrafıma yığışmağınız mümkün deyil.) Allaha and olsun ki, ətini sümükdə heç nə qalmayana qədər gəmirən, sümüyünü sındıran və dərisini soyacaq həddə düşməni özünə hakim kəsən (yəni, onun varlığını, canını, malını, arvad-uşağını ələ keçirən düşmənin qarşısını almayan) kimsənin acizliyi və qeyrətsizliyi hədsiz, ürəyi və ya onun sinə tərəfdən ürəyini əhatə edənləri zəifdir. Ey eşidən, sən də acizlikdə və qeyrətsizlikdə bu kişi kimi olmaq istəyirsənsə, ol. Amma mən, and olsun Allaha, düşmənə bu fürsət və imkanı verməzdən əvvəl Məşrəfi qılınclarla (Məşarif bu qılıncların hazırlandığı kəndin adıdır) onu elə vuracağam ki, başının sümüyünün xıncımları göyə sovrulsun və qolları, qıçları kəsilsin. Mənim səylərimdən sonra fəth və qələbənin ixtiyarı Allahın əlindədir.

Ey camaat! Mənim sizin üstünüzdə, sizin də mənim üstümdə haqqınız var: Sizin mənim üstümdə olan haqqınız sizə nəsihət vermək (bəyənilmiş əxlaqa təşviq etmək və nalayiq söz və əməllərdən çəkindirmək), qənimət və hüquqları bütünlüklə (israf edilməyə qoymadan, müsəlmanların beytülmalından) sizə çatdırmaq, nadan qalmamanız üçün (kitab və sünnədən bilmədiklərinizi) sizlərə öyrətmək, öyrənənə qədər də (şəriət qaydalarını öyrənib ona uyğun rəftar etməniz üçün) tərbiyə etməkdir. Mənim sizin üzərinizdə olan haqqım isə bey’əti saxlamanız, gizlində və aşkarda ixlas və dostluğunuz, sizi çağırdığım an cavab verməniz və sizə əmr etdiklərimə itaət etmənizdir.

 
35-ci xütbə

 

İki hakimin rəy verməsindən sonra İmam Əli əleyhis-salamın buyurduğu xütbələrindəndir:[6]

Ruzigar böyük bəlalar və ağır hadisələr yaratsa belə, sitayiş Allaha məxsusdur.[7] Şəhadət verirəm ki, şəriki olmayan Allahdan başqa Allah və ondan başqa mə’bud yoxdur, Məhəmməd onun bəndəsi və elçisidir. Ona və ailəsinə Allahın salamı olsun! (Hər şeyi) Bilən və təcrübəli olan mehriban nəsihətvericiyə itaətsizliyin nəticəsi həsrət və kədərdir. Bunun arxasınca isə təəssüf və peşmançılıq durur. Mən bu hakimlik barədə (onun zərərini bildiyim üçün) öz fikrimi və nəzərdə tutduğumu qısaca sizə bəyan etdim. (Siz sözümə əməl etmədiniz. Peşmançılığa düçar oldunuz ki, bunun da heç bir faydası yoxdur.) «لَوْ كَانَ يُطاعُ لِقَصيرٍ أَمْرٌ» Ey kaş Qəsirin göstərişinə və sözünə əməl olunaydı.[8] Nəsihət verən (sizin itaətsizlik və müxaliflikdə şüarınız nəticəsində) nəsihət verməkdə tərəddüd edənə, alov verən alov verməkdən imtina edənə qədər[9] zülmkar müxaliflər, itaətdən çıxan əhd pozanlar kimi mənə tabe olmayıb imtina etdiniz. Mənimlə sizin hekayətimiz Həvazənin qardaşının (Durəyd ibn Simə) dediyi kimidir.[10]

فَلَمْ تَسْتَبِينُوا النُّصْحَ إِلّاضُحَى الْغَدِ      أَمَرْتُكُمْ أَمْرِى بِمُنْعَرِجِ اللِّوى

 Yəni: Mun’əricul-livada öz fikrimi sizə dedim. Mənim nəsihətimin faydasını sabahkı gün səhər günəş çıxana qədər bilmədiniz.[11]

 
36-cı xütbə

 

İmam Əli əleyhis-salamın Nəhrəvan əhlini qorxutmaq üçün buyurduğu xütbələrindəndir.[12]

Mən sizi öz Rəbbinizin yanında (mənim əleyhimə çıxmanız və düşmən kəsilməniz üçün) səbəb və höccət olmadan, (bu işdə) aydın dəlilsiz bu çayla dərə-təpəli yerlər arasında öldürülmüş halda səhərə çıxmağınızla çəkindirirəm. Dünya sizi həlak edir və ilahi qəzavü-qədər sizi tora salır (öz İmamınızın əleyhinə çıxmağınızın öldürülməkdən başqa cəzası yoxdur). Mən sizi (indi peşman olduğunuz) iki hakimin hökm verməsindən çəkindirdim. Siz isə əhdini pozan müxaliflər kimi imtina edərək əleyhimə çıxdınız. (Siffeyn müharibəsində Müaviyənin qoşunu Qur’anları nizələrinə sancdıqları vaxt dediniz: «Onlar bizi Allahın Kitabına tərəf dəvət edirlər və dəvətlərini qəbul etməyimiz lazımdır». Mən onların, məğlub olduqlarına görə bu hiyləni işlətdiklərini bildiyimdən sözlərinə inanmadım. Siz mənə qarşı çıxıb dediniz ki, əgər dəvətlərini qəbul etməsən səni onlara təslim edəcəyik. Mən razı deyildim, amma çarəsiz idim.) Beləliklə, sizin istək və xahi şinizə uyğun hərəkət etdim (döyüşdən əl çəkib Malik Əştəri geri çağırdım. Dünən iki hakimin hökm çıxarmasını vacib bilən, bu gün isə onu küfr sanan) sizlər quşbeyin, səfeh və səbrsiz bir dəstəsiniz (çünki söz və əməllərinizdə möhkəm deyilsiniz, ağılla söz danışıb iş görmürsünüz). Mən sizlərə şər gətirmədim, sizin ziyan görmənizi istəmədim, ey atasızlar.[13]

 
37-ci xütbə

 

İmam Əli əleyhis-salamın xütbə əvəzi olan kəlamlarındandır:[14] Müsəlmanlar zəif və gücsüz olduqları vaxt İslam dininə kömək üçün ayağa qalxdım. Onlar (acizlik və gücsüzlükdən) boyunlarını bükdükləri zaman özümü aşkar etdim. Əldən düşdükləri vaxt (din məsələlərini) danışdım. Onlar heyran və sərgərdan olduqları vaxt ilahi nurla (cəhalət zülmətindən) keçdim. (Hər məchul mənə məlum idi.) (Bu sifətlərə malik olduğum halda, özünü göstərməkdə) Hamıdan sakit, önə keçməkdə (kamal baxımından) onlardan üstün idim. Fəzilətlərin cilovunu tutaraq pərvazlandım (çətinlikləri həll etmək üçün dərhal hazır olurdum) və bərk, dağıdıcı küləklərin yerindən tərpədib qopara bilmədiyi dağlar kimi fəzilətləri udurdum (kamal və fəzilətdə heç kəsin məqamı mənə çatmadı hər bir işdə dönməz idim). Heç kəs (nə hüzurumda, nə də yoxluğumda) məndən eyb və nöqsan tuta bilməyib. Zəlilin və sitəm çəkənin haqqını (zalımdən) alana qədər o, mənim üçün əziz və dəyərlidir. Güclü və zülmkar (məzlumun) haqqı ondan alınana qədər mənim üçün gücsüzdür. Biz ilahi qəzavü-qədərə şadıq və onun fərmanına təslimik. (İlahi vəhy və peyğəmbərin aşkar və aydın təsdiqi ilə onun canişini və xəlifəsi olduğum halda) Məni Allahın Rəsulu barəsində yalan danışan görmüsənmi?! And olsun Allaha, mən onu təsdiq edən ilk şəxsəm. Belə isə (vəfatından sonra) onu təkzib edən ilk şəxs deyiləm. (Çünki gizlində və aşkarda mənim doğruluğumu, dürüstlüyümü və paklığımı öymuş və öz qardaşı adlandırmışdır. Deməli, yalan danışsam onu təkzib etmiş olaram. Xəlifələrlə sərt rəftar etməməyimin səbəbi budur ki,) öz xəlifəlik məsələm barəsində düşünüb gördüm ki, Həzrət Peyğəmbərin fərmanına itaət edib tabe olmaq mənə vacibdir (iş çəkişməyə gedib çıxarsa, boyun əyməyimi buyurmuşdur). Buna görə də bey’ət edib o Həzrətlə öz əhd-peymanıma uyğun rəftar etdim.

 
38-ci xütbə

 

İmam Əli əleyhis-salamın (şübhənin «şübhə» adlandırılması haqqında və heç kəs üçün ölümdən xilas yolu olmaması barədə) xütbələrindəndir.

Şübhə haqqa bənzər və oxşar olduğu üçün şübhə adlandırılmışdır. (Hər adam haqla batili bir-birindən ayıra bilməz Allaha və Peyğəmbərə) iman və etiqad Allah dostlarının şübhəli görünən işlərdə işığıdır. Yolları hidayət və nicat yoludur. (Bu yolla öz ardıcıllarını şübhələrin qaranlığından xilas edərək haqqı onlara aşkar edərlər.) Ancaq Allahın düşmənlərini o şübhələrə dəvət edən azğınlıq, bələdçiləri isə korluq və sərgərdanlıqdır. (Bu səbəbdən də öz yolçularını dünyada bədbəxt, axirətdə isə ilahi əzaba düçar edərlər.) Deməli, (Allah dostlarının ardıcılları ölümdən və öldürülməkdən qorxmur. Çünki) qorxan üçün hər halda ondan nicat və qurtuluş yoxdur. Diri qalmaq istəyən də həmişə diri qalmayacaqdır.[15]

 
39-cu xütbə

 

İmam Əli əleyhis-salamın xütbələrindəndir:[16]

Elələrinə düçar olmuşam ki, əmr etdikdə boyun əymir, çağırdıqda cavab vermirlər. Ey atasızlar, öz Allahınıza kömək və yardım üçün nəyi gözləyirsiniz? (İşlərinizdə süstlüyünüzün və Allah yolunda cihada getməməyinizin səbəbi nədir?) Sizi (dünya və axirət səadətini qazanmaq yolunda bir-birinizə kömək etməyiniz üçün) bir yerə toplayacaq din, (düşməni dəf etmək üçün) sizi tərpədəcək (din və onun əhlini qorumaq üçün) bir qeyrət yoxdurmu? Sizin aranızda dayanıb fəryad çəkə-çəkə yar və yoldaş istəyirəm. Mənim sözümə qulaq asmır, (itaətsizlik etdiyinizin və mənə qarşı çıxdığınızın nəticəsində) pis hadisələr aşkar görünənə qədər əmrimə itaət etmirsiniz (düşmən sizin can, mal və imanınıza hakim kəsilir), sizlərlə intiqam almaq olmaz, (sizlərlə düşmənə müqavimət göstərmək mümkün deyil), sizlərlə (din və dünya işlərində) məqsədə çatmaq olmaz. Sizi qardaşınıza kömək etməyə çağırdım (ah-vay etdiniz), göbəyi ağrıyan dəvə kimi nalə çəkdiniz. (Döyüş meydanına və qardaşınıza köməyə getmək üçün) arxası yaralı xəstə dəvə kimi (yol getməkdə) süstlük etdiniz. Sizlərdən mənə tərəf gələn azsaylı qoşun da narahat və acizdirlər. Sanki ölümə göndərilir və ölümü öz qarşılarında görür. (Seyyid Rəzi buyurur:)

Deyirəm: Həzrət مُتَذآئِب  sözünü narahat və həyəcanlı mənasında işlətmişdir. Bu ərəblərin işlətdiyi تَذَآءَبَتِ الرِّيحُ (həyəcanlı küləklər əsdi) sözündən götürülmüşdür. Buna görə də narahat rəftarı ilə seçilən canavara da ərəbcə ذِئْب  deyilir.

 
40-cı xütbə

 

İmam Əli əleyhis-salamın Nəhrəvan Xəvaricinin «hökm ancaq Allaha məxsusdur!» sözünü eşidərkən buyurduğu kəlamlarındandır.

Batil məqsəd üçün işlədilən haqq bir sözdür. Bəli, Allahdan başqa qeyrisinin hökmü yoxdur.[17] Ancaq xəvaric deyir: (Xalqın arasında) əmirlik və rəislik Allaha məxsusdur. Xalq arasında istər xeyirxah, istərsə də pis əməl sahibi əmirin lazım olması labüddür. Onun rəhbərliyi və hakimliyi altında mömin ibadətlə məşğul olur, kafir isə öz bəhrəsini götürür (əmirin olması sayəsində hamı hərc-mərclik, iztirab və narahatlıqdan azaddır). Allah onun zamanında hər kəsi müəyyən olunmuş əcəlinə yetirir (əmir olmasa camaat bir-birinin canına daraşar) və onun vasitəsilə (ehtiyac olan vaxt istifadə edilməsi üçün) vergilər yığılır. Düşmənlə müharibə edilir, yollarda (oğru və soyğunçuların əlindən) əmin-amanlıq olur. Xeyir əməl sahibinin pozğunlardan (şərindən) asudə olması və rifahda yaşaması üçün zəif və gücsüzün haqqı güclü və zülmkardan alınır.

(Seyyid Rəzi buyurur): Başqa bir rəvayətdə göstərilir ki, Həzrət Xəvaricin sözünü (Allahdan qeyrisinin hökmü yoxdur) eşitdikdə buyurdu: «Sizin (öldürülməniz) barədə Allahdan hökm gözləyirəm.

Sonra buyurdu: Günahlardan pərhiz edən şəxs ədalətli əmirin hakimiyyətində Allaha ibadətlə məşğul olar və ziyankar şəxs isə pozğun əmirin vaxtında öz bəhrəsini götürər, ta ki, hər ikisi ömrünü başa vurar və onları ölüm haqlayar. (O vaxt biri mükafata, digəri isə öz əməllərinin cəzasına çatar.)

[1] Ona yaxınlaşanı vurmağa hazırdır. Burada Təlhənin fitnə-fəsadla məşğul olub, qürur və təkəbbürdən heç kəsin sözünə qulaq asmaması nəzərdə tutulur.

[2] Özünü din libasında cilvələndirərək hiylə və məkrlə dünya malını ovlamaq və var-dövlət toplamaq üçün camaatın yolunda tələ qurandır.

[3] Pis əməlləri qəbul etmədiklərinə və ya nalayiq işlərin şahidi olduqlarına görə camaatdan kənara çəkilmiş, təcrid olmuşlar.

[4]Müqavimət göstərirəm. Deməli, mənim müqavimət və igidliyimdə heç nə dəyişməyib. Buna görə də azğınlıq yolundan dönün və mənimlə müharibədən əl çəkin.

[5] Nəhrəvanda Xəvariclə döyüşdən sonra, Həzrət camaata Kufə şəhərinin kənarındakı Nuxeylədə toplaşaraq Şam camaatı ilə müharibəyə hazırlaşmağı əmr etdi, onlara arvad-uşaqlarının görüşünə az getmələri haqda göstəriş verdi. Onlar Həzrətin sözlərinə əməl etməyərək gizlincə Kufəyə gəldilər və Həzrəti az sayda böyükləri ilə orada tənha qoyub, meydanı boşaltdılar. Kufəyə gedənlər geri dönmədilər, orada qalanların isə dözümü yox idi. Buna görə də Həzrət Kufəyə təşrif gətirib camaata xütbə oxudu və onları cihada rəğbətləndirdi. Onlar itaət etmədilər. Sonra Həzrət onları bir neçə gün öz başlarına buraxdı və ondan sonra bu xütbəni oxudu.

[6] Əmr ibn As və Əbu Musanın Şamla Mədinə arasında və Şama daha yaxın olan, Şamla İraq sərhəddində yerləşən «Daumətul-Cəndəl» qalasında iki hakim təyin olunma müqaviləsinə əsasən görüşdükləri və xəlifəlik məsələsi haqda bir-birilə danışdıqları vaxt, Həzrət Kufəyə təşrif gətirib onların hökmlərinin nəticəsini gözləyirdi. Son nəticədə Əmr ibn As Əbu Musanı aldatdı və qərara gəldilər ki, hər biri minbərə çıxıb, öz əmirlərini kənarlaşdırsın və xəlifəlik məsələsini Şuraya həvalə etsinlər. Əmr Əbu Musanı özündən qabağa saldı və o, minbərə çıxaraq Həzrət Əmiri xəlifəlikdən kənarlaşdırdı. Sonra Əmr minbərə qalxaraq Müaviyəni xəlifə təyin etdi. Bu xəbər Kufədə Həzrətə çatdıqda o narahat olub qalxdı və bu xütbəni camaata oxudu.

[7] Həzrətin məqsədi budur ki, hər zaman-istər xoş, istərsə də ağır günlərdə-Allaha ibadət etmək lazımdır.

[8] Bu məşhur ərəb atalar sözüdür. Nəsihət verənin nəsihətinə qulaq asmayaraq peşmançılığa düçar olanlar barədə işlədilir. Atalar sözünün tarixçəsi belədir ki, Həyrənin padşahı Cəzəymə Əbrəş Cəzirə padşahı Əmr ibn Zərblə müharibə edərək onu öldürür. Əmrdən sonra qızı Zəbba atasının yerinə keçərək onun intiqamını almaq niyyətinə düşür və Cəzəymə ilə döyüşmək istəyir. Bacısı Zubeybə isə bunu ona qadağan edir. Sonra Zəbba məkr və hiylə ilə atasının intiqamını almaq fikrinə düşür. Cəzəyməyə məktubunda yazır ki, mən qadınam və qadınlar padşahlığa layiq deyillər və mən ərə getməyə məcburam. Səndən başqa heç kimi özümə ər kimi bəyənmirəm. Əgər camaatın məzəmmətinin qorxusu olmasaydı özüm sizin yanınıza gələrdim. Əgər zəhmət çəkib gəlsəniz, mənim məmləkətim sizinki olacaq. Məktub Cəzəyməyə çatdıqda o, yaxınlarının böyükləri ilə məsləhətləşdi. Kənizinin oğlu çox düşüncəli və tədbirli olan, heç vaxt ehtiyatı əldən verməyən Qəsir ibn Səiddən başqa hamı onu bu səfərə həvəsləndirdi. Qəsir fərasətli olduğuna görə bu dəvətin hiylə olduğunu ehtimal etdi. Cəzəymənin yaxınlarının firkinə qarşı çıxaraq onu bu səfərdən çəkindirdi. Lakin Cəzəymə onun sözünə əhəmiyyət vermədi və min süvari ilə hərəkət etdi. Cəzirəyə yaxınlaşdıqda Zəbbanın qoşunu onu qarşılasa da, böyük hörmət görmədi. Qəsir isə bu işdə məkr və hiylə gördüyünü, geri qayıtmasını, Zəbbanın yanına getməməsini işarə ilə ona başa saldı. Cəzəymə yenə də onun sözünə əhəmiyyət vermədi. Cəzirəyə daxil olduqda onu öldürdülər. Bu zaman Qəsir «ey kaş Qəsirin göstərişinə və sözünə əməl olunaydı» sözünü işlətdi və bu söz ərəblər arasında zərbül-məsələ çevrildi. Həzrətin məqsədi də bu idi ki, ey kaş Əmr ibn As və Əbu Musanın hakimliyini qəbul etməmək barədə sözümə qulaq asaydınız və indi peşman olmazdınız. Mən sizə dediyimi dedim.

[9]Təcrübəli nəsihətverən heç vaxt tərəddüdə düşməsə də, öyüd verməkdən imtina etməsə də, sizin itaətsizlikdə və müxaliflikdə fikir birliyiniz onu öz sözlərində tərəddüdə düşən və nəsihət verməkdən imtina edən birinə çevirib. Bu cümlədə olan وَ ضَنَّ الزَّنْدُ بِقَدْحِهِ ifadəsi camaat onun faydalı nəsihətlərinə qulaq asmayıb, qəbul etmədiyinə görə öyüd verməyi əsirgəyən, onların işinin xeyir və ziyanını deməyən şəxs barədə işlədilir.

[10] Həzrətin Durəydi Həvazənin qardaşı adlandırımasının səbəbi budur ki, o əsil-nəsəb baxımdan Həvazə qəbiləsinə gedib çıxır. Çünki o, bəni Xəşim ibn Müaviyə ibn Bəkr ibn Həvazənlərdəndir. Böyük Allah Qur’ani-Kərimin Əhqaf surəsinin 21-ci ayəsində buyurur: وَ اذْكُرْ أَخا عادٍ Yəni, «Adın qardaşını yad et» Burada Ad qəbiləsindən olan Hud peyğəmbər nəzərdə tutulur. Dorəydin hekayəti budur ki, o qardaşı Abdullah ilə bəni Bəkr ibn Həvazəyə qarşı müharibə etdi və çoxlu qənimət ələ gətirdi. O, qayıdarkən qardaşı Abdullah Mun’əricil-liva adlanan yerdə bir gecəliyə qalmağı xahiş etdi. Durəyd isə nəsihət üçün ona dedi: Burada qalmaq ehtiyatsızlıqdır. Bəni Həvazənə adam və kömək gələ bilər və onlar qəflətən bizə hücum edə bilərlər. Abdullah qürurlu olduğuna görə onun nəsihətinə qulaq asmadı və həmin gecəni orada keçirdi. Səhər tezdən günəş çıxdıqdan sonra bəni Həvazədən çoxlu adam onların başının üstünü aldı. Abdullahı öldürdülər. Durəyd isə çoxsaylı yara almaqla canını onların əlindən qurtardı. O, sonra qəsidə demişdir və Həzrətin misal gətirdiyi bu hissə qəsidədəndir.

[11] Bu hekayət mənim Müaviyə və tərəfdarlarının müharibədə vəziyyətinin ağırlaşdığını, buna görə də məkr və hiylə niyyətilə Qur’anları nizələrə keçirdiklərini və «Hakim təyin etmək» Məclisi yaratmaq istədiklərini dostcasına sizlərə deməyimin hekəyəsinə bənzəyir. Siz mənim sözlərimə əməl etməyib onların əməl və sözlərinə aldandınız. İki hakimin mühakiməsinə razılaşaraq israr etdiniz və mən də razılıq verdim. İndi mənim əleyhimə çıxmağınızın ziyanı sizə aydın olub.

[12] Nəhrəvan Kufəyə yaxın olan yoldakı çayın kənarında, Hərura səhrası tərəfdə yerləşir. Hərura isə Kufə yaxınlığında bir kəndin adıdır. Xəvaric Əmir əl-möminə qarşı çıxmaq üçün bu səhrada toplaşdıqlarına görə Nəhrəvan Xəvaricini Həruriyye adlandırırlar. O Həzrətin Nəhrəvan Xəvaricilə müharibə etməsinin səbəbi budur ki, Siffeyn müharibəsində Müaviyə və tərəfdarlarının vəziyyəti ağırlaşmışdı. Xüsusilə də, «Hərir» gecəsində hər iki qoşundan otuz altı min nəfər öldürüldü. «Hərir-ül-kəlb»in lüğəti mənası itin ulamağı olsa da, igidlərin döyüş meydanında üzləşməsi də buna bənzədilir. Xülasə, həmin gecənin səhəri Müaviyə Əmr ibn Asın göstərişi ilə hiyləyə əl ataraq, öz qoşununa əmr etdi ki, beş yüz Qur’anı nizələrə taxaraq, Həzrətin qoşununun önünə çıxıb desinlər: «ey müsəlmanlar, döyüşlər ərəbin ruzigarına ölüm-itim saldı, bu qədər qarşıdurmalar bizim və sizin qəbilələrinizin bünövrəsini sarsıtdı. Gəlin, Allahın Kitabına qayıdaraq, bizim aramızda hökm etdiyinə razılaşaq, qarşıdurmadan əl çəkək!». Onların bu hiyləsi təsirli oldu. İraq qoşunu bu sözlərdən tərəddüdə düşdü və döyüşdən əlləri soyudu. Onlardan on iki min nəfər üz döndərərək Həzrətə dedi: «Malik Əştəri döyüşdən geri çağır, yoxsa səninlə döyüşərik». O Həzrət çarəsiz qalaraq Maliki geri çağırdı və «Həkəmeyn» məsələsi ortaya çıxdı. Həzrət həddən artıq israr etmələrinə görə onların hakimliyilə razılaşdı. Onlar iki hakimin rəyini və Əmr ibn Asın hiyləsini başa düşdükdən sonra daha çox Həzrətin əleyhinə çıxdılar və dedilər: «Məxluqu Xaliqin işlərində və xəlifəlik məsələlərində hakim təyin etdiyinə görə, indi öz küfrünü və xətanı etiraf etməlisən və tövbə etdikdən sonra biz sənə itaət edib sözlərinə əməl edərik. Həzrət onlara nəsihət vermək üçün əvvəlcə Abdullah ibn Abbası göndərdi. Ondan sonra özü onlarla söhbət edib şübhələrini aradan götürdü. Bundan sonra səkkiz min nəfəri öz sözlərindən və qərarlarından döndü, dörd min nəfəri isə Həzrətlə döyüşmək niyyətilə Nəhrəvana yola düşdü. Yalnız ətrafa qaçan doqquz nəfərdən başqa onların hamısı o çayın yaxınlığında öldürüldü. Xəvaricin və Nasibilərin əksəriyyəti onların nəslindəndilər. Onların «Xəvaric» adlandırılmasının səbəbi Həzrətdən üz döndərmələri, «Nəvasib» adlandırılmalarının səbəbi isə Əhli-Beyt əleyhis-salam və onların şiələrinə qarşı ədavət və düşmənçilikləridir. Xülasə, Həzrət döyüşdən əvvəl höccətin tamam olması üçün onları qorxudaraq bunları buyurmuşdur.

 

[13] لا ابا لكم sözü ərəb dilində danlaq və qarğış məqsədilə işlədilir. Belə ki, onlar atasızlığı insan üçün zillət və rəzillik sayırdılar.

[14] Bu fəslin sözləri o böyük şəxsiyyətin Nəhrəvan hadisəsindən sonra buyurduğu və Həzrət Peyğəmbərin vəfatından həmin dövrə qədər həyat yolunu açıqladığı müfəssəl söhbətindən seçmələrdir.

 

[15] Buna görə də layiqlisi budur ki, insan dünyadakı müvəqqəti həyatına könül bağlamasın və ölümdən, Allah yolunda dinin zəfər çalması üçün döyüşdən üz döndərməsin.

 

[16] Nö’man ibn Bəşir İraq əhalisini qorxutmaq üçün Müaviyənin əmri ilə iki min nəfərlə Şamdan hərəkət edərək Kufə yaxınlığındakı «Eynut-Təmr»ə çatdıqda Həzrətin tərəfindən oranı idarə edən və yüz nəfərdən artıq adamı olmayan Malik ibn Kəəb Ərhəbi Həzrətə bu haqda xəbər verir. Həzrət minbərə təşrif gətirərək İlahiyə həmd və səna etdikdən sonra buyurur: «Allah sizi hidayət etsin. Nö’man ibn Bəşir Şam əhalisindən ibarət, sayları çox olmayan dəstə ilə sizin qardaşınız olan Malik ibn Kəəbə yaxınlaşmışdır. Hazırlaşın, gedin və qardaşınıza kömək edin. Bəlkə də, Allah-təala sizin səbəbinizə kafirlərin bir dəstəsini məhv edər». Camaat Malik ibn Kəəbə köməyə səhlənkar yanaşdığından, Həzrət onların başçılarını çağıraraq, köməyə getməyi əmr etdi. Təxminən üç yüz nəfər toplaşdı və qalanları bundan boyun qaçırdılar. Bundan sonra o böyük şəxsiyyət qəmgin halda qalxaraq bunları buyurdu.

 

[17] Böyük Allah bütün işlərə hakim və itaəti vacib olandır. Xalqın yaşayışını və axirətini nizamlamaq üçün onların arasında rəis və ya əmirin olması ilahi hökmlərin tələblərindəndir.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Böyük günahlar
SƏCDƏ AYƏSİNİN TƏFSİRİ
Ey göz, səy et, çox ağla..."
HƏZRƏT ƏBULFƏZL ABBASIN (Ə) TƏVƏLLÜDÜ
Həft-i Tir hadisəsi və Müqəddəs Müdafiə illərində Şəhid olanların ailə ...
Əl-Maidə (Süfrə) surəsi
İSLAM XӘLİFӘLӘRİ NECӘ TӘ’YİN OLUNDU?
DUA QUR`ANDA
Еvdә vә mәscİddә Qur’an tİlavәtİ
İmam Hüseyn (ə) şəhid olacağını bilirdimi?

 
user comment