Azəri
Thursday 5th of December 2024
0
نفر 0

Peyğəmbərin (s) zöhd və ibadəti

 

Bismillahir-rəhmanir-rəhim

 

 

Allahın Rəsulu (s) o qədər ibadət edirdi ki, özünü məşəqqət və əziyyətə salırdı. Elə buna görə də Allah Taala Qurani Kərimin “Taha” surəsinin 1-ci ayəsini göndərərək buyurdu:

 

 

“Biz Quranı sənə məşəqqət çəkməyin üçün nazil etmədik!”

 

 

İmam Cəfər Sadiq (ə) buyurur: “Allahın Rəsulu (s) vacib namazlardan iki dəfə çox müstəhəb namaz qılar, vacib orucdan iki dəfə çox müstəhəb oruc tutardı.”

 

 

“Sünənün-Nəbi”, səh: 234.

 

 

Cəfər ibn Əhməd Qumi “Zuhdun-Nəbi” kitabında rəvayət edir ki, Allahın Rəsulu (s) namaza duranda Allahın qorxusundan rəngi qaçardı, ondan sızıltılı səs eşidilərdi. Həmçinin namaz qılanda yer üzərinə sərilmiş paltar kimi olardı.

 

 

Əllamə Məclisi özünün “Biharul-ənvar” kitabında Aişədən belə nəql edir: “Allahın Rəsulu (s) bizlə söhbət edər, biz də onunla danışardıq, amma namaz vaxtı gələndə elə bir halda olardı ki, sanki nə o bizi tanıyır və nə də biz onu tanıyırıq.”

 

 

Əbu Bəsir İmam Məhəmməd Baqir (ə)-dan rəvayət edir ki: “Allahın Rəsulu (s) bir gecə Aişənin yanında idi. Aişə dedi: Nə üçün ibadət etməyə görə özünə bu qədər əziyyət verirsən, bir halda ki, Allah Taala sənin keçmiş və gələcək günahlarını bağışlamışdır?

 

 

Həzrət buyurdu: Mən şükr edən və minnətdar bəndə olmayımmı?”

 

 

“Üsuli-kafi” kitabında İmam Cəfər Sadiq (ə)-dan rəvayət olunmuşdur ki, Allahın Rəsulu (s) buyurmuşdur: “İnsanların ən üstünü o kəslərdir ki, ibadətə aşiq olmuş, onu qucaqlamış, qəlbi və canı ilə sevmiş, cismi və bədən əzaları ilə onu yerinə yetirmiş, ibadət üçün hər şeydən əlini çəkmişlər. Belə bir halda bu insan üçün dünyada çətinliklə yaxud asanlıqla yaşamağın heç bir fərqi yoxdur.”

 

 

Həmçinin “İləlüş-şərayi” kitabında Ənəs ibn Malikdən rəvayət olunmuşdur ki, Allahın Rəsulu (s) buyurmuşdur: “Mənim üçün gecə yarısı iki rükət namaz qılmaq dünyadan və dünyada olanların hamısından daha əzizdir.”

 

 

Seyyid ibn Tavus “İqbal” kitabında yazır: “Mübarək Ramazan ayı gəldikdə Peyğəmbər (s)-in halı dəyişərdi, çoxlu namaz qılar, dualarda çoxlu ahu-zar edərdi. Allahdan qorxma halı aşkar görünərdi.”

 

 

“Məcmueyi-Vərram” kitabında rəvayət edilmişdir ki, hər hansı bir iş Peyğəmbər (s)-i qəmgin və pərişan etsəydi namaz qılmaq və oruc tutmaqla o qəmin aradan getməsini istəyərdi.

 

 

Məhəmməd ibn Süleyman İmam Cəfər Sadiq (ə)-dan və İmam Rza (ə)-dan nəql edir ki: “Biz İmamdan Ramazan ayında necə namaz qılmaq və Peyğəmbər (s)-in bu ayda nələr etməsi haqqında soruşduqda buyurdu: Ramazan ayının birinci gecəsi gəldikdə Allahın Rəsulu (s) məğrib namazını və onun dörd rükət nafiləsini hər gecə məsciddə qılardı, bunun ardınca ayağa qalxar və daha on iki rəkət namaz qılardı. Sonra evə gedərdi.

 

 

Camaat o həzrətin çoxlu namaz qılmasının səbəbini soruşarkən buyurardı: “Əlbəttə, bu namazlar Ramazan ayının başqa aylardan fəzilətli olması üçündür.” Sabahkı gecə namaz qılmaq üçün Peyğəmbər (s) ayağa qalxdı, camaat o həzrətin arxasında namaz qılmaq üçün sıraya düzüldülər. Peyğəmbər (s) buyurdu: Ey camaat! Bu nafilə namazlarıdır, nafiləni camaatla qılmaq olmaz, hər biriniz ayrıca öz namazlarınızı qılın. Allah Taala sizə necə öyrədibsə eləcə də qılın və bilin ki, müstəhəb namazları camaatla birgə qılmazlar.

 

Bundan sonra hərə bir tərəfə dağılışdı və öz namazlarını qılmağa başladılar. Elə ki, Ramazan ayının on doqquzuncu gecəsi gəldi, o həzrət gün batan vaxt qüsl etdi, sonra məğrib namazını qıldı. Daha sonra dörd rəkət namaz qıldı və evə getdi. Elə ki, Bilal işa namazının azanını dedi, Allahın Rəsulu (s) gəlib camaatla işa namazını qıldı, sonra oturaq halda iki rəkət işa namazının nafiləsini qıldı, sonra ayağa qalxdı və Qədr gecəsinin yüz rəkət xüsusi namazını qıldı, hər rəkətdən sonra on dəfə İxlas surəsini oxuyurdu. Bu namazları da bitirdikdən sonra on bir rükətlik gecə namazını qılmağa başladı. İyirminci gecədə məğrib namazından sonra səkkiz rəkət və işa namazından sonra on iki rəkət Ramazan ayının məxsus nafiləsini qıldı. İyirmi birinci gecə günəş batan zaman qüsl etdi və on doqquzuncu gecədə etdiklərini bu gecə də etdi. İyirmi ikinci gecədən etibarən öz namazlarını çoxaltmağa başladı. Belə ki, məğrib namazından sonra səkkiz rəkət, işa namazından sonra isə iyirmi iki rəkət xüsusi nafilə namazını qıldı. İyirmi üçüncü gecə gəldikdə yenə də günəş batan zaman qüsl etdi. On doqquz və iyirmi birinci gecədə etdiyi ibadətləri yerinə yetirdi.”

 

 

İmam (ə)-dan Peyğəmbər (s)-in ayrıca hər gün qıldığı əlli rəkət nafilə namazı haqqında soruşduq. İmam (ə) buyurdu: “Peyğəmbər (s) başqa aylarda qıldığı əlli rəkət nafilə namazını Ramazan ayında da qılar və ondan əskiltməzdi.”

 

 

“Sünənün-Nəbi” səh: 244-247.

 

 

 

Peyğəmbər (s)-in təvazökarlığı

 

 

Allahın Rəsulu (s) o dərəcədə təvazökar idi ki, fəqirlər və kasıblar ilə oturar, onlarla birlikdə yemək yeyər və buyurardı: “Mən də Allahın bəndəsiyəm, bəndələr kimi yeyir, bəndələr kimi otururam.”

 

 

Zeyd Şəhham imam Cəfər Sadiq (ə)-dan rəvayət edir ki, buyurdu: “Allah Taala həzrət Məhəmməd (s)-i peyğəmbərliyə seçdiyi andan o həzrətin vəfatınadək Peyğəmbər (s) bir şeyə söykənərək yemək yemədi, kasıblar kimi yemək yeyir, onlar kimi də otururdu.

 

 

Zeyd deyir: Soruşdum “nə üçün belə edirdi?” İmam Cəfər Sadiq (ə) buyurdu: Allah Taalanın qarşısında təvazökarlıq üçün.”

 

 

“Biharul-ənvar”, 16-cı cild, səh: 261.

 

Başqa bir hədisdə imam Cəfər Sadiq (ə) buyurur: “Peyğəmbər (s) hansı evə getsəydi yuxarı başa keçməz, elə qapının yanındaca oturardı.”

 

 

“Üsuli-kafi”, Əl-işrə kitabı, 6-cı hədis.

 

Mərhum Deyləmi özünün “İrşadul-qulub” kitabında yazır: “Allahın Rəsulu (s) ayaqqabısına və paltarına özü yamaq vurub. Qoyunları özü sağardı, xidmətçilərlə birlikdə yemək yeyərdi. Quru yerdə oturardı, ulağa minərdi, çox vaxt başqalarını da öz yerində otuzdurardı, evi üçün özü bazarlıq edərdi. Heç bir xəcalət çəkmədən aldıqlarını özü evə aparardı, hamı ilə - istər böyük, istər kiçik, kasıb ya varlı - əl ilə görüşər və görüşdüyü şəxs əlini çəkmədən Peyğəmbər (s) əlini çəkməzdi. Qarşısına çıxan hər kəsə - böyüklü kiçikli – salam verərdi, kim o Həzrəti (s) süfrəsinə dəvət etsəydi kasıb süfrəsi olsaydı belə, süfrədə cəmi bir neçə xurma olmasına baxmayaraq onların dəvətini qəbul edərdi.

 

“İrşadul-qulub”, 2-ci cild, səh: 74.

 

Şeyx Səduq imam Məhəmməd Baqir (ə)-dan rəvayət edir ki, Peyğəmbər (s) buyurdu: “Beş şeydən ölənədək əl çəkmərəm: Bəndələrlə (qullarla) birgə yemək yeməkdən, palansız ulağa minməkdən, keçini öz əlimlə sağmaqdan, yun paltar geyinməkdən, uşaqlara salam verməkdən, təki məndən sonra bunlar sünnət olsun.”

 

 

“Əmali” müəllif: Şeyx Səduq, 17-si məclis, hədis 2.

 

Rəvayət olunur ki, Peyğəmbər (s) səfərdə idi, yemək üçün bir qoyun kəsilməsini əmr etdi. Yoldaşlarından biri dedi: Onu kəsmək mənim boynuma.

 

Başqası dedi: Dərisini soymaq da mənim boynuma.

 

 

Başqa birisi dedi: Xörəyi bişirmək də mənim boynuma.

 

 

Beləcə hər kəs bir işi öz boynuna götürdü. Rəsuli Əkrəm (s) buyurdu: Elə isə ocaq qalamaq üçün odun yığmaq da mənim boynuma.”

 

 

Dedilər: Ey Allahın Elçisi, biz özümüz odun yığacağıq, daha sizin zəhmət çəkməyinizə ehtiyac yoxdur.

 

 

Həzrət (s) buyurdu: Bilirəm, amma özümü sizdən üstün saymaq istəmirəm, çünki Allah Taala özünü başqalarından üstün sayan bəndəni xoşlamır.

 

 

“Müntəhal-amal”, 1-ci cild, səh: 18.

 

Bir kişi həzrət Peyğəmbər (s) üçün süd və bal gətirmişdi. Allahın Rəsulu (s) buyurdu: “Bunların biri olan yerdə o birisinə ehtiyac yoxdur. Mən bunların ikisini də yeyə bilmərəm, bu işi başqalarına da haram etmirəm, mən yalnız Allah qarşısında təvazökar olmaq üçün belə edirəm. Çünki kim Allah Taalanın qarşısında təvazökar və başıaşağı olarsa Allah onu ucaldar. Amma kim təkəbbürlük və lovğalıq edərsə Allah Taala onu alçaldar.”

 

“Tuhəful-uqul”.

 

Peyğəmbər (s) oturduğu məclisin yuxarı-aşağısı olmazdı, hamı dövrəvari oturardı. Ənəs ibn Malik deyir: “Biz Peyğəmbər (s)-in yanına getdikdə orada dövrəvari oturardıq.”

 

 

Həmçinin Cabir nəql edir ki, həzrət Peyğəmbər (s) yola çıxarkən səhabələr o həzrətdən irəlidə yol gedər və arxanı mələklər üçün saxlayardılar.

 

“Sünənün-Nəbi”, səh: 70.

 

Əbuzər Ğəffari rəvayət etmişdir ki, Allahın Rəsulu (s) təvazökarlıqla və çox sadə tərzdə səhabələri ilə oturardı. Özgə bir şəxs içəri girsəydi səhabələr Peyğəmbər (s)-i göstərməsəydi, həmin şəxs oturanların hansının Peyğəmbər (s) olduğunu bilməzdi. Biz həzrət Peyğəmbər (s)-dən xahiş etdik ki, başqaları onu tanısınlar deyə onun üçün bir yer düzəldək. Həzrətin razılığını əldə etdikdən sonra daş və gil ilə bir yer düzəltdik. Allahın elçisi daşın üstündə oturdu və biz də onun ətrafına toplaşdıq.

 

“Sünənün-Nəbi”, səh: 53.

 

Əbul-Fəth Razi öz təfsirində yazır: “Peyğəmbər (s) belə bir dua edərdi: İlahi, məni kasıblar kimi yaşat, kasıblar kimi öldür, qiyamət günü kasıblarla birgə dirilt!”

 

 

İmam Məhəmməd Baqir (ə) buyurur: “Bir mələk Peyğəmbər (s)-in yanına gəlib dedi: Allah Taala iki şeydən biri seçməyi sənin ixtiyarında qoymuşdur, hansını istəyirsən seç. Birincisi budur ki, həm təvazökar, həm də elçi olasan. O biri budur ki, Süleyman (ə) kimi padşah və peyğəmbər olasan.

 

 

Peyğəmbər (s) Cəbrailə (ə) baxdı və o da işarə ilə təvazökarlığı göstərdi. Peyğəmbər (s) buyurdu: Mən bəndəçilik və təvazökarlıqla peyğəmbərliyi seçirəm.”

 

“Biharul-ənvar”, 18-ci cild, səh: 334; “Üsuli-kafi”, Təvazö fəsli, hədis 5.

 

“Məkarimul-əxlaq” kitabında Peyğəmbər (s)-in həyatı barədə Əbu Səid Xidri rəvayət edir ki, Allahın Rəsulu (s) pərdə arxasındakı qızlardan da həyalı idi. Belə ki, əgər bir şeydən xoşu gəlməsəydi o saat simasından bilinərdi (daha sözlə deməyə ehtiyac olmazdı).

 

“Sünənün-Nəbi”, səh: 23.

 


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

“Azərbaycan Ağsaqqallar Şurası” yenidən təsis olunur
"Təbliğ" ayəsi və Qədir-xum hadisəsi - 2
ABNA İmam əl-Hadinin mövludu ilə bağlı təbrik deyir
37 – ci illərin REPRESİYA tufanı.DİNDARLARIN APELYASİYA MƏHKƏMƏSİ ...
Qaraciyərin təmizlənməsi üçün kişmiş suyu
Məzhəblərarası Yaxınlıq Cəmiyyətinin təsisatının ildönümüdür
Təfsiri-nümunə alban dilinə tərcümə edilir
Avstraliyada İslamofobun namizədliyi dəstəklənmədi
Fəllucə əməliyyatı davam edir, İraq Ordusu terrorçuları belə darmadağın edir
Bu hədisi yanınızda saxlayıb, arabir oxuyun

 
user comment